Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür. Qeyd: Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur.Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.